IQNA

Ramazan ayında şeytanın əlləri bağlanar

18:40 - April 26, 2022
Xəbər sayı: 3492136
Mübarək Ramazan ayı ilə bağlı deyilənlərdən biri də bu ayda şeytanın əllərinin bağlanmasıdır. Bəs şeytanın əlləri bağlıdırsa, bunun, bu ayda heç kimin vəsvəsəyə uymayacağı və ya səhv etməyəcəyi anlamınamı gəlir?

İslam Peyğəmbəri (s) Şabaniyyə xütbəsində müqəddəs Ramazan ayının xüsusiyyətlərindən danışıb və onun bir hissəsində buyurub: "Şeytanların əlləri qandallıdır. Allahdan istəyin ki, onları sizə hakim etməsin." Şabaniyyə xütbəsinin bu hissəsindən iki məsələ çıxarılır: Birincisi, müqəddəs Ramazan ayında şeytanlar məhdudlaşdırılır. Amma ikinci məsələ buna işarə edir ki, eyni zamanda şeytan oruc tutanlara hakim ola bilər.

Quran şeytanı çox zəif bir fiqur kimi göstərir, şeytanın və onun yoldaşlarının Allahın bəndələri üzərində heç bir hökmranlığının olmadığını vurğulayır. Çünki Allah şeytanın bəndələri azdırmaq üçün hədələrinə cavab olaraq, onun hökmranlığının olmamasından danışır. Yalnız ona tabe olanlar üzərində şeytanın hökmranlığının olduğunu bildirir. Yuxarıdakı rəvayətdə qeyd olunan hökmranlıq həm də güclü təsir deməkdir.

Bu baxımdan bəziləri mübarək Ramazan ayının və oruc tutanın xüsusiyyətlərinin şeytanı məhdudlaşdırmağa təsir etdiyinə inanırlar. Üstəlik, şeytan bəziləri üçün əsir, bəziləri üçün isə daha azad ola bilər. Ona görə də müqəddəs Ramazan ayı öz xüsusiyyətlərinə görə şeytanı məhdudlaşdırır.

Ramazan ayı, mənəviyyatı gücləndirmək üçün mühüm bir fürsətdir. Quranın nazil olduğu bir aydır. Qədr Gecəsi onun içindədir. Həmin ayda edilən ibadət fərqlidir. Necə ki, möminin nəfəs alıb-verməsi və yatması ibadətdir. Quranın bir ayəsinin oxunması bütün Quranın oxunmasına bərabərdir. Bu səbəbdən də, bu ayda hər an Allaha ibadət edən və zikr deyən oruc tutanların qəlbinə şeytan nüfuz edə bilməz.

Bu mənada oruc tutanların oruc tutmaları və mübarək Ramazan ayının əməllərini yerinə yetirmələri ilə qəlbləri nur və Allahı yad etməklə dolar. Şeytan isə belə bir qəlbin qarşısında təslim olur. Oruc tutan bu günlərdə özünü islah etməsə və Allahı zikr etməsə, qəlbinin nuru daha zəif olar və şeytanın ona təsir etməsinə şərait yaranar. Necə ki, Qurani-Kərimdə bu məsələyə təkid edilir: "Kim Rəhman Allahı yada salmağa göz yumsa, ona həmişə yoldaş və yaxın dost olan şeytan qoşarıq". (Zuxruf surəsi, ayə 36).

Digər tərəfdən İslam Peyğəmbərinin (s) belə buyurduğu deyilir: "Şeytan insanda qan kimi axır. Beləliklə, aclıqla, onun yolunu azaldın."

Beləliklə, iştahsızlıq, aclıq və oruc şeytanın qəlblərə nüfuz etmə yolunu daha da məhdudlaşdırır. Buna görə də, daha az yemək və il boyu oruc tutmaq tövsiyə olunur.

captcha